Click here to read in English.
Araşdırma nəticəsində əldə olunan faktlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə olan etimadı azaldır
Global Witness tərəfindən bu gün dərc olunmuş “Anonim Azərbaycan” adlı yeni hesabatda Avropanın başlıca enerji təchizatçısı olan Azərbaycanın neft sənayesində gizli fiqur kimi çıxış edən Anar Əliyev adlı şəxs barədə araşdırma aparılır. Çox az sayda insan tərəfindən tanınan Anar Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Lakin nə üçün məhz bu şəxsin bu sövdələşmələrdə iştirak etməsi və onun iştirakının ölkə üçün nə dərəcədə səmərəli olması isə məlum deyil.
Bu araşdırmada Anar Əliyev kimi şəxslərin kimlərisə təmsil etməsi və Azərbaycan vətəndaşlarının hesabına mənfəət qazanma halları ilə bağlı məsələ qaldırılır. ARDNŞ və onun tərəfdaşlarının fəaliyyətlərini qanun çərçivəsində qurduqları istisna olunmaya bilər. Lakin bu şirkətlərin hansı yolla Azərbaycanın neft sənayesində iştiraka nail olması ilə bağlı şəffaflığın mövcud olmaması maraqların toqquşması və tərəfkeşlik kimi mümkün faktların baş verməsi ilə bağlı narahatlıq yaradır.
Bu qeyri-şəffaflıq Azərbaycanın uzun müddətdən bəri üzvü olduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT, ingilsicə - EİTİ) olan etimadı azaldır. Hazırda ölkənin EİTİ standartlarına əməl etməsinə baxmayaraq, enerji sənayesnin digər sahələrində mövcud qeyri-şəffaf mühit korrupsiya riskini artırır. EİTİ hasilat şirkətləri tərəfindən “əsl benefisiar”ların könüllü şəkildə açıqlanmasını sınaqdan keçirməklə bu problemin həllinə başlayıb. Bu barədə icbari tələbin isə 2016-cı ildə təsdiq olunacağı gözlənilir. Bu tələbdə daha nələrin əks olunacağı hələ li razılaşdırılmayıb.
“Bizim hesabatda Azərbaycan xalqının öz ölkələrində baş verməkdə olan neft bumundan tam şəkildə faydalana bilməmələri ilə bağlı ciddi narahatlıq ifadə olunur”, deyə Global Witness-in direktoru Simon Taylor bildirib. “Bu şübhələrə son qoymaq üçün Azərbaycan hökuməti hasilat şirkətlərinin benefisiar səhmdarlarının açıqlanmasını EİTİ prosesinə əlavə etməli və yüksək prioritetli bir məsələ kimi Anar Əliyevin ARDNŞ-la hansı əlaqəyə malik olduğunu açıqlamalıdır”.
Global Witness-in “Anonim Azərbaycan” adlı hesabatında araşdırma nəticəsində məlum olan aşağıdakı faktlar yer alıb:
- Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlamışlar. Lakin Global Witness bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.
- Misal üçün qeyd edək ki, Anar Əliyev ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan Socar Trading-ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib. Bu şirkətin Socar Trading-də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.
- ARDNŞ-la tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.
- ARDNŞ-ın Dubayda Socar International DMCC adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur.
“EİTİ korrupsiya və şəffaflığın hökm sürdüyü ölkələrə etimad nümayiş etdirmək məsələsində ehtiyatla davranmalıdır”, Taylor qeyd edib. “EİTİ digər şəxslərin adından çıxış edən nümayəndələr və sadəcə olaraq şirkətlərin adları deyil, real olaraq mənfəətin kimlər tərəfindən əldə olunmasının açıqlanmasını təmin etməlidir”.
Qeyd: “Anonim Azərbaycan”-ın hazırda ingilis dili versiyası mövcuddur. Hesabat azərbaycan dilinə tərcümə olunmaqdadır.
/ Son
Əlaqə: Global Witness ilə aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: +44 (0)20 7492 5858, +44 (0) 7939 460357, +44 207 492 5823, +44(0)7969 295 078.
Redaktorlar üçün qeyd:
1. 2002-ci ildə könüllü təşəbbüs olaraq təsis edilmiş EİTİ neft, qaz və mədən şirkətlərinin faydalı qazıntılarla bağlı müxtəlif əməliyyatlardan dövlətə ödədikləri vəsaitin açıqlanmasını təmin etmək məqsədi daşıyır. Hazırda 25 ölkənin üzv olduğu EİTİ vasitəsilə bu vaxta qədər 1 trilyon dəyərində ödənişlə bağlı açıqlama edilib. 2013-cü ildə qəbul olunmuş yeni standartlarda EİTİ tələblərinin əhatə dairəsi genişləndirilərək benefisiar səhmdarların adlarının açıqlanması və müqavilələrin şəffaf şəkildə bağlanması bir tələb kimi irəli sürüldü.
2. Benefisiar səhmdar real olaraq mənfəətə sahib olan və şirkəti idarə edən tərəfdir.
“Qanuni səhmdar”dan fərqli olaraq o, şirkətin gündəlik fəaliyyətində iştirak etmir. Bu hətta hər hansı bir şirkət də ola bilər.
3. ARDNŞ Global Witness-in sualına isə belə cavab verdi: “ARDNŞ öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları və beynəlxalq miqyasda tanınmış şirkətlərin təcrübəsindən bəhrələnməklə yaradılmış daxili prosedurlar və normativlər əsasında qurur və bu əsasda da qərarlar qəbul edir.” ARDNŞ-ın bu cavabı ilə tam şəkildə Global Witness-in internet səhifəsində tanış ola bilərsiz. Global Witness-in digər əlaqədar tərəflərə ünvanladığı sorğular cavabsız qaldı.